Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Gəgəli kəndində şəhidlərin xatirəsinə xiyaban salınıb

06 noyabr 2021 | 11:00

Noyabrın 6-da Zəfər Günü ərəfəsində Ağsu rayonunun iri və qədim yaşayış məntəqələrindən olan Gəgəli kəndində şəhidlərin xatirəsinə salınan xiyabanın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
  Şəhidlər xiyabanı kəndin girişində inşa olunub. Abidə kompleksi Gəgəli kəndinin Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan 13 nəfər vətən oğlunun mərmər lövhə üzərində əksi olan memorial daş abidədən və qarşısındakı 0,5 hektarlıq geniş parkdan ibarətdir. Xiyaban Gəgəli kəndindən olan iş adamının təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunub.
  Açılışdan əvvəl xiyabanla tanışlıq olub, şəhid ailələri ilə söhbət edilib. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlanıb. Məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərin qazanılmasında ölkə başçısının misilsiz xidmətindən, Azərbaycan Ordusunun şücaətindən bəhs edib. Vurğulayıb ki, Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibələrində şəhid olan oğulları bizim qürurumuzdur və onlar ehtiramla anılır.
  Milli Məclisin deputatı Tahir Kərimli Gəgəli kəndinin qədim türk, tərəkəmə yurdu olduğunu, hələ 1918-ci ildə erməni-daşnaq qüvvələrinə qarşı döyüşdüyünü, Qarabağ müharibəsində şəhid və qaziləri olduğunu bildirib. Şuşanın azad olunmasının Zəfərimizin zirvəsi olduğunu qeyd edən deputat Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibələrində verdiyi şəhidlər haqqında kitablar yazılmalı və onların qəhrəmanlıqlarının gənc nəslə tanıdılmalı olduğunu söyləyib.
  Şəhidlər xiyabanının açılış mərasimində çıxış edən şəhid Vüsal İbişovun atası Əli İbişov və qazi Mehdi Cərullayev şəhidlərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Şəhid Elmir Süleymanlının təltif olunduğu “Cəsur döyüşçü” medalı atasına təqdim edilib.

 

 

Keçidlər