Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Dadaşzadə Hüseyin Zülfüqar oğlunun ad günü qeyd olunub

27 may 2021 | 11:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ağsu şəhər sakini Dadaşzadə Hüseyin Zülfüqar oğlunun xatirəsi onun doğum günündə dəfn olunduğu Şəhidlər Xiyabanında məzarı yanında anılıb.
  Əvvəlcə Ağsu Rayon İcra Hakimiyyətinin, şəhər icra nümayəndəliyinin, Ağsu bələdiyyəsinin məsul əməkdaşları, şəhidin yaxınları və şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarı ziyarət ediblər. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimin iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək məzarlar önünə gül dəstələri qoyublar, şəhidin ailə üzvlərinə başsağlığı veriblər. Həmçinin, şəhidin ailəsinə İkinci Qarabağ müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin simvolu olan Xarıbülbül gülünün formasında şəhidin adı yazılmış, böyük ölçüdə rəmzi nişan təqdim olunub.
  Çıxışçılar şəhid Dadaşzadə Hüseyin Zülfüqar oğlunun şərəfli ömür yolundan danışıb. Qeyd ediblər  ki, yaşasaydı, Hüseyinin 25 yaşı olacaqdı. O, 1996-cı ilin mayın 27-də Kəndoba kəndində anadan olub. Ağsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseyi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə gedib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində könüllü olaraq qatılmış, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə  ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
  Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
  Şəhid Hüseyin Dadaşzadənin təhsil aldığı Ağsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseyin şagirdləri onun xatirəsini şeirlərlə yad ediblər. Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

 

Keçidlər