Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Azərbaycan Ordusu Qubadlı şəhərini düşməndən azad edib

29 oktyabr 2020 | 11:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirib ki, İkinci Qarabağ müharibəsi  xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və  Qubadlı şəhərini düşməndən azad edibdir.  
  Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək  dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini  dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada  məsələ ilə bağlı daha obyektiv təsəvvür var.  Prezidentin Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada,  Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
  Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.  Qafqaz bürosunun 1921-ci il protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Azərbaycan sovet dövründə də bölgəyə böyük investisiya qoyub və erməni əhalinin diskriminasiyasından söz gedə bilməz.  Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub.
  Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıb. O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməyib. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. 
  Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər.Onların fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib. Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib. Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız.
  Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər.  Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni  ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir. 
  Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv   ölkələrə böyük təzyiqlər edərək yeni sənəd  qəbul olunmasına çalışıb.  Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər. Bütün başqa məsələlərdə  maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur. 
  Oktyabr ayının 10-da birinci  atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi  həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün  buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu.  İkinci atəşkəs oktyabrın 17–də  elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq  atəşkəs Ermənistan tərəfindən pozuldu. Hər bir pozuntu   qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. 
  Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır.  Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir. Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, silahlanmaq   və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər  Ermənistanı silahlanıdrmağı dayandırmalıdır. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir:  BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Bu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı tolerant xalqdır. Hərbi mərhələnin  başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. 
  İndi vasitəçi ölkələr artıq beş rayonun azad edilməsindən danışa bilməzlər. Bu rayonların böyük hissəsi, keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Azərbaycan danışıqların əleyhinə deyil. Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər.  Biz istəyirik ki, bu görüşlərin mənası olsun. Bu gün Azərbaycan yeni bir reallıq yaradıb, hər kəs yeni reallıqla hesablaşmalıdır.
  Ermənistanın 252 tankı, 50 piyadaların döyüş maşını, 251 müxtəlif çaplı topu, 61 minaatanı, 53  tank əleyhinə vasitəsi, 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib, 53 tankı, 29 piyadaların döyüş maşını, 24 müxtəlif çaplı topu, 45 minaatanı  qənimət kimi götürülüb. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator, 2 Elbrus, 1 Toçka-U” raket kompleksləri məhv edilib. 231 yük avtomobili, onlardan 20-si sursatı ilə, 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.
  Ermənistan iflas həddinə çatıb. O silahları istehsal edən ölkələrin vətəndaşları bilməlidirlər ki, bir ay ərzində onların nə qədər malı batıb. Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır.  Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir. Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar.
  F-16-lar təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər. Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Kimin günahı var, o cavab verir və   Azərbaycan xalqının qanı yerdə qalmayacaq.
  Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq.  Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər.  Halbuki biz  beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Biz haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə  gücü çatacaq. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqləmişik. Biz düşməni torpaqlarımızdan sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər